Bu şəxslər təhsil haqqindan azad olunublar

Azərbaycanın Birinci vitse-prezidenti məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxış edib.

Artıq 20 ildən çoxdur ki, 1 milyon artıq azərbaycanlının Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkdiyini deyən xanım Mehriban Əliyeva soydaşlarımızın üzləşdiyi problemlərin Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu, müstəqilliyimizin ilk illərindən bu istiqamətdə həyata keçirilən tədbirlərin dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2004-cü ildə Dövlət Proqramının qəbul edildiyini, 2007-ci və 2011-ci illərdə bu Proqrama əlavələrin təsdiqləndiyini, ümumiyyətlə bu istiqamətdə həyata keçirilən tədbirlərin icrasına 6 milyard manatdan çox vəsait ayrıldığını diqqətə çatdırdı. Xatırlatdı ki, çadır şəhərciyi şəraitində yaşayan insanlar, qaçqın və məcburi köçkün ailələri onlar üçün inşa olunan 100-dək müasir yaşayış qəsəbəsinə köçürülüblər. Ümumilikdə bu, 50 min ailənin, 250 mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin olunması deməkdir. “Son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkün yeni iş yeri ilə təmin olunub. Hər bir qəsəbədə məktəblər, uşaq bağçaları salınır. Ali və orta ixtisas təhsil ocaqlarında ödənişli formada təhsil alan qaçqınlar və məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad olunublar”,- deyən Azərbaycanın birinci vitse-prezidenti vurğuladı ki, həm çadır şəhərciklərinin ləğvində, həm humanitar faciənin qarşısının alınmasında Azərbaycan dövlətinin təcrübəsi, nadir bir təcrübədir və beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Görülən bütün tədbirlərə baxmayaraq, bu sahədə öz həllini tapmayan problemlərin mövcud olduğunu təəssüflə qeyd edən Mehriban Əliyeva bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır. Mart ayında bu problemə həsr olunan müşavirədə birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planının hazırlanması tapşırığının verildiyini xatırladan Birinci vitse-prezident hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 binanın, Sabunçu rayonunun Ramanı qəsəbəsində 1 binanın, Sumqayıt şəhərində 5 binanın inşa edildiyini, digər 5 binanın inşası üçün isə yerin ayrıldığını söyləyib.