Mənsimov Lənkəranskinin qardaşını həbsdən çıxardı: Canıyev gömrüyə qayıdır? - ÖZƏL

Canıyev gömrüyə qayıdır?


Bir müddət öncə Lotu Quliyə sui-qəsd iddiası ilə həbs olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və digərləri azadlığa çıxıblar

Palitika.Az-ın verdiyi məlumata görə,
 bu barədə hökumətə yaxın gununsesi.info saytı yazıb. 

Sayt iddia edib ki, Lənkəranskinin qardaşının azadlığa çıxmasında Türkiyədə yaşayan azərbaycan əsilli nüfuzlu şəxslərdən birinin rolu olub.

Məlumatda bildirilir ki, Lənkəranskinin qardaşının Lotu Quliyə qarşı sui-qəsd etməsi ilə bağlı iddia öz əksini tapmayıb. Adı çəkilən şəxslər istintaq müddətində azadlıqda qalacaqlar.

N.Canıyevin azadlığa buraxılmasında hansı nüfuzlu şəxsin rolunun olması haqda araşdırma aparmışıq. 

Bizə çatan bilgilərə görə, Lənkəranskinin qardaşını həbsdən buraxdıran iş adamı Mübariz Mənsimov olub. 

2016-ci ilin avqustunda İstanbulda qətlə yetirilən R.Lənkəranskinin cənazəsi doğma rayonuna M.Mənsimovun ayırdığı təyyarə ilə gətirilmişdi. 

Onların işbirliyi haqda iddialar da var idi. Eləcə də M.Mənsimovla N.Canıyev arasında münasibətlərin olduğu deyilir. 

Ona görə də Türkiyədə azadlığa buraxılmasında “Palmali” rəhbərinin rolu olduğu söylənir. Canıyev Namiq Rafiq oğlu birlikdə bu şəxslər də həbsdəydilər: 

Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

Palitika.Az xəbər verir ki, N.Canıyev Keşlə gömrük postunun rəisi olub. Amma bu müddətdə Gömrük Komitəsi onun həbsi haqda susub. 

İstanbul polisi açıqlama verdiyi halda DGK susur və məsələnin arxasındakı mahiyyətin detalları gizlədilir. Lakin fakt ondan ibarətdir ki, N.Canıyevə rəsmi ittiham verilib.

O, “Lotu Quli” ləqəbli Nadir Səlifova sui-qəsd etməyə cəhddə ittiham olunur və haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Buna baxmayaraq, Dövlət Gömrük Komitəsi öz gömrük rəisinin həbsi haqda, işdən azad olunub-olunmadığına dair açıqlama vermir.

Belə nəticə hasil olur ki, ya komitə Canıyevin vəzifəyə qayıdacağına ümid edir, ya da siyasi rəhbərlik səviyyəsində açıqlama yayılmasına razılıq verilməyib.

Ona görə də xeyli vaxtdır ki, ciddi susqunluq var və böyük müəmmalar yaşanır. Namiq Caniyev və Mehmet Sabri Şirinə 5 milyon dollar qarşılığında Rövşən Lənkəranskinin qatillərinin aradan götürülməsi barədə razılığa gəlindiyi bildirilir.

İddialara görə, Lənkəranskinin qardaşı vəzifədə olduğu vaxtdan kriminal aləmlə əlaqəli olub. Onun qardaşının oğru dünyasındakı dostları ilə tanışlığı var imiş.

Bu köklü münasibətlər N.Canıyevin vəzifədə qalmasına mane olmayıb. Ondan sonra polkovnik qardaşının qətlinin qisası üçün İstanbulda Lənkəranskinin adamlarını tapmaqda çətinlik çəkməyib.

Onlar da çoxdan “Quli”nin azadlığa buraxılmasını gözləyirmişlər. Amma N.Canıyev çox tələskənlik göstərib. O, planı kortəbii qurub və ələ keçib.
“Lotu Quli”nin azadlığa çıxmasından ən azı bir neçə ay sonra plan qura bilərdi ki, çox erkən davranıb.

İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində 4-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər yaxalanıb. Əməliyyat zamanı saxlanılan şəxslərdən 9 tapança götürülüb.

Yorumlar